Allergik astma haqqında tibbi yenilik

UFZ (Helmholtz-Zentrum für Umweltforschung) tədqiqatçıları allergik astmaya səbəb olan molekulu tapıblar.

Allergiya xüsusilə sənayenin inkişaf etdiyi ölkələrdə daha çox yayılıb. Allergik astma hal-hazırda geniş yayılmış allergiya növlərindən hesab olunur. UFZ (Helmholtz-Zentrum für Umweltforschung) təqdiqatçıları və onların Leipzig Universitetindən olan kolleqaları yuxarı tənəffüs yolunun allergiyasına səbəb olan proteini tapıblar. Kəşf olunmuş protein allergik astmanın müalicəsində yeni üsulların yaranmasına səbəb olacaq.

Dünyada 300 milyondan artıq astma xəstəsi var. Ərtaf mühitin təsiredici faktorları sayəsində əmələ gələn astma xəstələrinin 10-15 faizini uşaqlar təşkil edir. Bu gün əlimizdə olan dərman preparatları ilə yalnız simptomatik müalicə aparmaq mümkündür, xəstəliyin etioloji müalicəsi isə hələki mümkün deyil. Xəstələrin nə üçün allergik astmadan əziyyət çəkdikləri bu günə qədər mütəxəssislərə məlum deyildi. UFZ laboratoriyasındakı İmmunologiya Bölümündən professor Tobias Polte və onun komandası Leipzig Universitetinin Klinik Dermotologiya, Venerologiya və Allerqologiya kafedrasından Jan Simon və onun komandası ilə iş birliyi edərək tədqiqatlar aparmış, allergik astmaya səbəb olan molekulu uğurla aşkar etmişlər. Bu haqda məqalə “Nature Communications” jurnalında dərc olunub.

Sindekan-4 (Syndecan-4) proteinini onlar antigen daşıyan hüceyrələrin (APC – dentrit hüceyrələr, monositlər və s.) membranında tapıblar. Antigen daşıyan hüceyrələr ekzogen maddələri (antigen) aşkar edən hüceyrələrdir. APC bu antigenləri neytrallaşdırmaqla antigen determinantını hüceyrə membranına çıxararaq T hüceyrələrinə ötürürlər. Bu yolla müəyyən antigenə qarşı - polen allergenlərində olduğu kimi - immun reaksiya əmələ gəlmiş olur. Məhz polen allergenləri ilə təmasdan sonra allergik astmanın tipik simptomaları əmələ gəlir. “Bu araşdırmamızda biz Sindekan-4 proteinin APC-nin miqrasiyasında mühüm rol oynadığını aşkar etdik.” – deyə professor Polte bildirib. Sindekan-4 proteini çatışmadıqda APC antigen haqqında informasiyanı T hüceyrələrinə ötürə bilmir. Bunun nəticəsi olaraq, həmin antigenə qarşı hər hansı bir immun reaksiya yaranmır.

Leipzig Universitetində aparılan araşdırmalarda tədqiqatçılar müəyyən etdilər ki, APC-də olan Sindekan-4 proteini iltihabi proses olan allergik astmada mühüm rol oynayır. Belə ki, siçana Sindekan-4-ə qarşı anticisim yeridildikdə, onun allergik astma simptomları daha da artmışdır. “Sidekan-4 allergik astmanın müalicəsində effektiv üsul olacaq” – professor Polte, “bu proteinin orqanizmə hansı əlavə təsir edəcəyini hələ tam müəyyən etməmişik” – deyə əlavə edib. Sindekan-4 proteini ilə iltihabi reaksiya olan allergik astma arasındakı əlaqəni daha geniş tədqiq edənə qədər, yaxın gələcəkdə də qlükokortikoidlərin və bronxodilatatorların  istifadəsinin davam edəcəyi bildirilir. “Buna baxmayaraq biz tədqiqatımızın yekunu olaraq Sindekan-4 kimi çox vacib proteini aşkar etdik və inanırıq ki, bu kəşf yeni müalicə üsullarının yaranmasına yol açacaq.”

 

Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur.

Baxılıb: 1629