Emal olunmuş əti yemək kolorektal xərçəngə səbəb ola bilər

Keçdiyimiz günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcili yaydığı xəbərə görə emal olunmuş ətləri (sosis, kolbasa, dönər, qamburger üçün döyülmüş, preslənmiş, aşılanmış ətləri) yemək kolorektal xərçəngə səbəb olur, həmçinin emal olunmamış qırmızı ətlərin (inək, qoyun, donuz, at ətlərinin)  çox istifadə edilməsi də bu xəstəliyin əmələ gəlmə riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzdində olan Beynəlxalq Xərçəng Araşdırma Agentliyi (İARC) tərəfindən 10 müxtəlif ölkəyə göndərilmiş 22 mütəxəssisin bu haqda məlumatı “The Lancet Oncology” jurnalında yayımlanıb.

Aparılmış çoxsaylı tədqiqatlar qırmızı və emal olunmuş ətin kolorektal və ümumilikdə bağırsaq xərçənginin əmələ gəlməsinə yüksək təsir etdiyini göstərir. Bu təsir o qədər güclüdür ki, hətta tədqiqatçılar araşdırma bitdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dərhal məruzə ediblər.

Tədqiqatçıların qiymətləndirməsinə görə gündəlik qəbul edilən emal olunmuş ətin hər 50 qramı kolorektal xərçəngin əmələ gəlmə riskini 18% artırır. ÜST ekspertləri həmçinin, yüksək miqdarda qəbul edilmiş qırmızı ətin prostat və mədəaltı vəzin şişlərinə səbəb olacağını istisna etmirlər.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (İARC) ekspertləri qırmızı və emal olunmuş ətlər ilə kolorektal xərçəng arasında əlaqənin olduğunu 800 elmi araşdırmadan sonra bildiriblər. Ekspertlərin epidemioloji tədqiqatlardan əldə etdiyi məlumatlara görə emal olunmuş ət və ət məhsullarından istifadə orqanizm üçün kanserogen xarakter daşıyır. ÜST xəbər verir ki, emal olunmuş ətdən çox istifadə dünya üzrə təxminən 34000, qırmızı ətdən istifadə isə 50000 insanın ölümünə səbəb ola bilər.

“Tək bir dəfə qəbul edilən emal olunmuş və ya qırmızı ət kolorektal xərçəngə səbəb olmur, amma belə məhsulların təkrar istifadəsi xərçingin əmələ gəlmə riskini artırır.” – deyə, tədqiqat qrupunun rəhbəri doktor Kurt Straif bildirib.

Bununla yanaşı tədqiqatçılar qeyd edir ki, inkişaf etmiş ölkələrin əhalisinin əksəriyyətinin qida rasionunda yer alan ət yeməklərinin faydalı qidalandırıcı xüsusiyyətlərini də təkzib etmək olmaz. Həmçinin qeyd edək ki, ət məhsullarının tərkibində orqanizm üçün əvəzolunmayan amin turşuları var.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (İARC) direktoru doktor Christopher Wild`in sözlərinə görə: “Bu tədqiqatın nəticələri ətin istifadəsini məhdudlaşdırmağa dair ictimai tövsiyələrə əlavə dəstək verir. Bu nəticələr hökumət və beynəlxalq tənzimləyici qurumlar üçün mühümdür. Belə ki, nəticələr risklərin öyrənilməsi, pəhrizlərin tərtib edilməsində qırmızı və emal olunmuş ət məhsullarının istifadəsinin riskinə və faydasına dair ən yaxşı tövsiyələri vermək üçün imkan yaradır”.

 

Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur.

Views: 776