Keçirilmiş infarkt sonrası verilən aşağı doza β blokatorun effekti yüksək doza β blokator kimidir.

Aparılan araşdırmaların nəticəsi “American College of Cardiology” jurnalında dərc olunub.
Təəccüblü də olsa, tədqiqatlar onu göstərir ki, aşağı doza β blokator qəbul etmiş miokart infarktlı xəstələrdə sağ qalma faizi, yüksək doza β blokator qəbul etmiş xəstələrlə müqayisədə ya eyni, ya da çox zaman yüksək olur. Həmçinin mövcud dozanın 1/4-ni qəbul edən xəstələrin normal dozanı qəbul etmiş xəstələrə nisbətən 20-25% daha çox sağ qaldıqları müəyyən olunub.
Miokard infarktı keçirmiş xəstələrin 90%-i β blokator qəbul edir ki, bu da xəstəliyin gedişatının qarşısını alaraq ürək çatışmazlığı riskini azaldır. β blokatorlar adrenalinin kardiomiositlərə təsirini bloklayır, qeyri-ritmik ürək vurğularını (aritmiya) azaldır və ürək çatışmazlığından qoruyur.
Nəticə hamını olduğu kimi tədqiqat başçısı Dr. Jeffrey Goldbergeri də heyrətləndirdi. O eyni zamanda Feinberg Universitetinin professoru və kardioloqudur. Bu araşdırmaya o, miokard infarktlı xəstələrə müalicədə istifadə olunan dozalardan daha aşağı doza β blokator verildiyi zaman xəstələrdə ölüm faizinin endiyini müşahidə etdiyində başladı. Öncələr araşdırmanın qorxulu nəticələr verəcəyini düşünən doktor Goldberger, sonradan əldə olunan effektdən şokda olduqlarını gizlətmədi. 7000-nə yaxın xəstə üzərində aparılmış tədqiqat həm də onu göstərir ki, xəstələrə fərqli müxtəliflikdə aşağı doza β blokator verilməlidir. Bu isə individualdır.
Həmçinin aşağı doza β blokator qəbul etmiş xəstələrdə yorğunluq, depresiya və impotensiya (cinsi zəiflik) kimi əlavə təsirlər daha az müşahidə olunur. Bu isə arzu olunan nəticədir.
Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur.