Vərəməleyhinə növbəti dərman artıq apteklərdə

Vərəməleyhinə növbəti dərman artıq apteklərdə
Minlərlə təsdiq olunmuş dərman vasitələrini test edərkən EPFL (Ecole Polytechnique Fédérale de Lausanne) tədqiqatçıları gözlənilmədən vərəməleyhinə növbəti dərmanı aşkar etdilər: məşhur antasid – mədə turşuluğunu azaldan - Lansoprazol.
Dünyada Vərəm əvvəlki kimi, QİÇS`dən sonra ikinci ən öldürücü pandemiya olaraq qalır. Təkcə 2014-cü ildə vərəmin törədicisi olan Mycobacterium Tuberculosis (Vərəm çöpləri) 1,5 milyon insanın ölümünə və 9 milyon insanın da vərəmə yoluxmasına səbəb olmuşdur. Vərəməleyhinə dərmanlara qarşı yaranan rezistentlik tətqiqatçıları yeni dərman axtarışına məcbur edirdi. EPFL tədqiqatçıları müəyyən etdilər ki, geniş istifadə olunan Lansoprazol, Vərəm əleyhinə mükəmməl namizəddir. Araşdırma haqqında məqalə “Nature Communications” jurnalında nəşr olunub.
Vərəməleyhinə preparatın təsdiqini tapması və tədqiqatların tamamlanması üçün on illər lazım olur. Həmçinin, vərəməleyhinə mövcud antibiotiklər yeni bakteriya ştammlarının əmələ gəlməsinə səbəb olmuşdur ki, bunlarda da bir neçə dərmana qarşı rezistentlik yaranmışdır. Hazırda EPFL laboratoriyasında tədqiqatçılar tam robotlaşdırılmış şəraitdə çalışırlar. Bu isə öz növbəsində prosesi sürətləndirərək, gün ərzində minlərlə preparatı bakteriya üzərində yoxlamağa imkan verir.
Köhnə preparat yeni dərman kimi...
Lansoprazolun hüceyrə daxili M.Tuberculosis`ə qarşı effektiv olduğu aşkarlanmışdır. Tədqiqatçılar müəyyən ediblər ki, Lansoprazol, hepatositlərdə metabolizm dəyişikliyinə uğrayaraq kükürdlü birləşməyə çevrilir. Bu birləşmə öz növbəsində Vərəm çöpləri ilə yoluxmuş hüceyrələrə daxil olaraq həmin hüceyrələrin maddələr mübadiləsini pozur və beləliklə də onların məhvinə gətirib çıxarır. Əlavə olaraq da tədqiqatçılar Lansoprazolu digər bütün bakteriyalar üzərində test etdikləri zaman, onun yalnız M.Tuberculosis`ə qarşı spesifik olduğunu müəyyən etdilər.
Məlumat üçün qeyd edək ki, Lansoprazol “proton-pompa inhibitoru” olub, mədə turşuluğunu azaldaraq mədədə yanğı hissini azaldır və xora əmələ gəlməsinin qarşısını alır.
Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur.