Hepatit C vaksini haqqında

Dünyada təxminən 150 milyon insan xroniki Hepatit C xəstəliyindən əziyyət çəkir. Bəs bu xəstəlik üçün vaksin nə zaman əldə olunacaq? Tədqiqatçılar artıq hazır olan vaksinin birinci sınaq mərhələsini uğurla başa çatdırdıqları haqda məlumat veriblər.

Hepatit C xəstəliyi Hepatit C virusu (HCV) tərəfindən törədilir. HCV virus əsasən qaraciyər hüceyrələrini zədələyərək sirroza və ya hepatosellülar karsinomaya gətirib çıxarır. HCV virusu insana əsasən qanla keçir. Bundan əlavə virusla kontakta olmuş iynə, sterilizə olunmamış stomatoloji, ginekoloji və kosmetoloji alətlər də yoluxdurucu qabiliyyəti olan materiallar arasındadır.  Az hallarda isə bu virus cinsi yolla da ötürülə bilər. Hepatit C virusu ilə yoluxmuş hamilə qadından uşağa bətndaxili və doğuş zamanı virus ilə yoluxma risk olaraq qalır.

Oksford Universitetinin Tibb fakultəsində, Professor Ellie Barnesin başçılıq etdiyi tədqiqat qrupu bildirir ki, Hepatit C virusuna ilk dəfə yoluxmuş hər 4 insandan 1-də immun sistem orqanizmi tamamilə virusdan təmizləyə bilir. (Ümumdünya Səhiyyə təşkilatının (ÜST) virusa yoluxmuşların spontan sağalma haqda verdiyi 15%-lik payı yuxarıda göstərilən tədqiqatçılar qrupu inkar edir). Bu da tədqiqat qrupunda Hepatit C virusuna qarşı vaksin hazırlamaq təşəbbüsü yaratdı. Onların bu haqda məqaləsi “Science Translational Medicine” jurnalında nəşr olunub.

Əldə olunan yeni vaksin Hepatit C virusuna qarşı çox güvənli və etibarlıdır.

Öncə 15 könüllü üzərində aparılan araşdırma zamanı onlar vaksini ilkin immun cavab üçün istifadə etdilər. Üzərindən 8 həftə keçdikdən sonra isə bu proseduru təkrar edərək infeksiyaya qarşı immun cavabı gücləndirməyə çalışdılar.

Tədqiqatçılar vaksini insan orqanizmindəki T hüceyrələrə induksiya etmək yolu ilə əldə ediblər. Beləliklə, təbii olaraq orqanizmin Hepatit C virusundan təmizlənməsinə nail olublar. Könüllülərə  vurulmuş 2 doza vaksin orqanizmdə güclü immun cavabın yaranmasına səbəb olur. Əlavə olaraq tədqiqatçılar qeyd edirlər ki, könüllülərdə Hepatit C virusuna qarşı mövcüd immun cavab təbii yolla əmələ gəlmiş immun cavabla tamamilə eynidir.

Tədqiqat qrupunun rəhbəri Ellie Barnes deyir ki; “T hüceyrələr Hepatit C virusuna qarşı çox güclü cavab verirlər və araşdırma zamanı T hüceyrələrin fərqli genotipli Hepatit C virusuna qarşı eyni cavab verdiklərini müşahidə etdik. Bu vaksin T hüceyrələrindən istifadə edərək Hepatit C virusuna qarşı alınmış ilk vaksindir. Könüllülər üzərində də apardığımız tədqiqatın nəticəsi olaraq əminliklə deyə bilərik ki, bu üsul tam təhlükəsiz və effektivdir.”

Artıq vaksinin istehsalına Kubada “National Centre for Bio-formulas” şirkətində başlanılıb.  Vaksinin daha bir neçə klinik mərhələdən keçiriləcəyi gözlənilir. Mütəxəssislər isə qeyd edirlər ki, 2036-cı ilə qədər Hepatit C nadir xəstəliklər arasında olacaq.

 

Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur.

Baxılıb: 2631