Yeni növ qaraciyər hüceyrəsi kəşf olunub

İnsan bədəninin orqanları arasında, qaraciyərin regenerasiyası (bərpası) xüsusi yer tutur. Qaraciyərin özünü necə bərpa etdiyi uzun müddətdir ki, müzakirə mövzusu olmağa davam edir. İndi isə yeni tədqiqat onu göstərir ki, kəşf olunmuş yeni naməlum hüceyrə növü, qaraciyərdə şiş hüceyrəsi əmələ gətirmədən regenerasiya etmə bacarığına malikdir.

Kəşf olunmuş bu hüceyrələrin regenerasiya bacarığı qaraciyər hüceyrələri kimi tanıdığımız hepatositlərin regenerasiya bacarığından daha güclüdür. Əvvəllər tədqiqatçılar, oval hüceyrələr kimi tanınan kök hüceyrələrinin, qaraciyərin regenerasiyaya cavabdeh olan hüceyrələrinə başlanğıc verdiyinə inanırdılar, ancaq bu ildən etibarən sübut olundu ki, bu kök hüceyrələri öd axarlarının inkişafına səbəb olur. California-San Diego Universiteti Tibb Fakultəsinin tədqiqatçıları, qaraciyər regenerasiyasının arxasında “hibrid” hepatositlərin durduğunu sübut etmişlər. Onların bu haqda məqaləsi “Cell” jurnalında dərc olunub.

“Qaraciyər hibrid hepatositləri, nəinki qaraciyər bərpasında mühüm rol oynayır, o eyni zamanda, hüceyrə transplantasiyası etməklə qaraciyər çatışmazlığının qarşısını almaqda çox gözəl üsuldur” – deyə tədqiqat rəhbəri, Farmakologiya və Patologiya elmləri üzrə professor Michael Karin bildirib.

Özündə güclü regenerasiya bacarığı olan bu “hibrid” hüceyrələr, sirroz və hepatit kimi xəstəliklərin - donordan alınmış qaraciyər toxumasını xəstəyə köçürməklə - müalicəsində effektiv üsuldur.

Tədqiqatçılar karbon tetraxlorid adlı ekoloji toksinlə qaraciyər toxumasına induksiya etməklə, toxuma bərpası ilə məşğul olan hüceyrələri incələmişlər. Onlar qaraciyərin portal triadında hibrid hepatositləri kəşf etdilər.

Qaraciyərin xroniki zədələnmələri zamanı, bu unikal hüceyrələr çoxalır və qaraciyər toxumasının bərpasına çalışırlar. Görünüşcə qaraciyər hüceyrələrinə bənzəsələr də, genetik xüsusiyyətlərinə görə öd axarı hüceyrələri ilə oxşardırlar.

“Baxmayaraq ki, hibrid hepatositlər kök hüceyrələri deyil, ancaq indiyə qədər qaraciyər çatışmazlığının müalicəsində ən effektiv üsul kimi görünür.” – deyə tədqiqat üzvü Joan Font-Burgada bildirib.

Hazırda bir çox tədqiqatçılar zədələnmiş qaraciyərin bərpası və qaraciyər çatışmazlığının qarşısını almaq üçün pluripotent kök hüceyrələri üzərində tədqiqatlar aparırlar. Zədələnmiş qaraciyər hüceyrələrini bərpa etmək üçün pluripotent kök hüceyrələrindən istifadə etmək çox çətindir, çünki bu hüceyrələr artıq öz fizioloji missiyalarını başa vurmuşlar. Həmçinin, pluripotent kök hüceyrələrindən istifadə artıqca xərçəng yaranma riskinin də artması danılmaz bir faktdır.

“Qürurla deyə bilərik ki, hibrid hepatositlərdən qaraciyər köçürməsi zamanı istifadə olunması heç bir xərçəng riski daşımır!” – deyə professor Michael Karin əlavə edib.

 

Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur.

Baxılıb: 3401