Uşaqlar üçün yeni vaksin hazırlanır

Yaxın illərdə Azərbaycanda uşaqlar üçün pnevmokokk infeksiyalarına qarşı 13 valentli vaksin tətbiq ediləcək və bununla da uşaqlar bütün pnevmoniyalardan qorunacaqlar. Bunu cümə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. 

Onun sözlərinə görə, bu ilin II yarısından Azərbaycanda uşaqların pnevmokokk infeksiyalarına qarşı peyvənd edilməsinə başlamaq nəzərdə tutulur. Pnevmokokk əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda bu vaksinin tətbiqi üçün hazırlıq işləri görülür. Hazırlıq işləri başa çatdıqdan sonra respublikaya tələb olunan sayda, uşaqların sayına uyğun vaksin preparatları gətiriləcək və peyvənd işinə başlanılacaq. 

"Bu il ərzində uşaqlar üçün 10 valentli vaksinlər tətbiq ediləcək. Onda uşaqları həmin törədicinin 10 tipinə qarşı qorumaq olacaq. Azərbaycanda 13 valentli vaksin tətbiq edildikdə isə uşaqlarımız pnevmokokk bakteriyalarının 13 tipi tərəfindən törədilən infeksiyalardan, yəni bütün pnevmoniyalardan qorunacaqlar", - Əliyeva bildirib. 

O qeyd edib ki, pnevmokokk əleyhinə 10 valentli vaksin tətbiq edildikdən 1-2 il sonra 13 valentli vaksinlərin tətbiqi nəzərdə tutulur.

Views: 951